İstanbulda qanunsuz mərc oyunları və dələduzluqla bağlı əməliyyat çərçivəsində saxlanılan 12 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
Oxu.Az "HaberGlobal"a istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları Qaziosmanpaşa Baş Prokurorluğunun koordinasiyası ilə apardıqları araşdırma nəticəsində təxminən 150 milyon lirəlik dələduzluq şəbəkəsini üzə çıxarıblar.
Araşdırma zamanı qanunsuz mərc oyunlarından əldə edildiyi ehtimal olunan təxminən 150 milyon lirənin Arnavutköy rayonunda fəaliyyət göstərən zərgərlik mağazasına məxsus bank hesablarına köçürüldüyü müəyyən edilib.
Polis əməkdaşları pul köçürmələri ilə əlaqəli 378 min 350 dolların nağd şəkildə təhvil veriləcəyini müəyyən ediblər. Pulun təhvil veriləcəyi vaxt keçirilən əməliyyat zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərlə əlaqəli 7 mənzilə, 11 avtomobilə və 3 motosikletə həbs qoyulub.
İlk əməliyyat zamanı bir şübhəli saxlanılıb. Daha sonra pul köçürmələrinə vasitəçilik etdiyi və cinayət yolu ilə əldə edilmiş gəlirlərin köçürülməsi üçün bank hesabları təmin etdiyi müəyyənləşdirilən daha 11 nəfər də tutulub.
Axtarışlar zamanı şübhəlilərə məxsus bank hesabları və çoxsaylı rəqəmsal məlumat daşıyıcıları da aşkar edilib.
Saxlanılan 12 nəfər polis idarəsindəki prosedurlardan sonra Qaziosmanpaşa Ədliyyəsinə aparılıb. Prokurorluqda ifadələri alındıqdan sonra hakim qarşısına çıxarılan şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib və onlar həbsxanaya göndəriliblər.