Dünən Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə edilən dərman reaksiyası ilə bağlı məsələyə aydınlıq gətirilib.
Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, bu barədə Milli Məclisin komitə sədri Müşfiq Məmmədli açıqlama verib.
O bildirib ki, antibiotiklə əlaqəli anafilaktik reaksiya zamanı adətən qısa müddət ərzində ciddi əlamətlər meydana çıxır. Eyni zamanda, uşaqlarda belə reaksiyaların eyni vaxtda baş verməsi ehtimalı ayrıca qiymətləndirilməlidir:
"Məlum olduğu kimi, uşaqlar xəstəxanada müalicə aldıqları zaman müxtəlif tibbi prosedurlardan keçirlər. Açıqlamada qeyd olunur ki, respirator infeksiya, yəni yuxarı tənəffüs yollarının xəstəlikləri ilə müalicə alan uşaqlara dərman preparatlarının vena daxilinə yeridilməsi zamanı müəyyən reaksiyalar baş verə bilər".
Həkim qeyd edib ki, özünün tibbi fəaliyyəti dövründə, həm intensiv terapiyada, həm də digər sahələrdə işləyərkən uşaqlarda bu cür hallarla qarşılaşıb:
"Belə reaksiyalar infeksiya prosesi zamanı, eləcə də vena daxilinə müxtəlif məhlulların yeridilməsi zamanı baş verə bilər".