İtaliyanın Apuliya regionunun sakini bir milyon avro uduşlu lotereya biletini səhvən zibilliyə atıb. Zibil toplayanların səyi nəticəsində o, biletini geri ala bilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, qadın ani lotereyada iştirak edib. O, hər hansı məbləğ qazanıb-qazanmadığını yoxlamaq üçün yerli mağazaya gəlib. Aparat bileti birbaşa ödəniş üçün etibarsız kimi tanıyıb. Buna səbəb pərakəndə satış məntəqələrinin yalnız kiçik məbləğdə uduşları ödəyə bilməsi olub. Qadın isə heç nə udmadığını düşünərək bileti zibil qutusuna atıb.
İştirakçı həmişə yaxın bir insanının xatirəsinə eyni rəqəmləri seçirmiş. Evə qayıtdıqda ailə üzvləri ona seçdiyi rəqəmlər kombinasiyasının cekpot qazandığını bildiriblər. Qadın dərhal mağazaya yollanıb, lakin zibil qutusu artıq boşaldılmış olub.
Bundan sonra o, SANB şirkətinin inzibatçısı Roberto Nikola Toskano ilə əlaqə saxlayıb. Şirkət əməkdaşları zibil maşınının marşrutunu izləyərək onu dayandırıblar.
Xüsusi briqada bir gündən çox zibil maşınının içindəkilər arasında axtarış aparıb. İşçilər müxtəlif qəbzlər tapıblar və onların arasında bir milyon avro uduşlu bilet də olub.
Bilet sahibinə qaytarılıb. Qalib qadın isə onun axtarışı ilə bağlı yaranan bütün xərcləri tam ödəyəcəyinə dair öhdəlik götürüb.