El-Ninyo iqlim hadisəsi bütün dünyada aclıqdan əziyyət çəkən insanların sayının 49 milyon nəfər artmasına gətirib çıxara bilər.
Oxu.Az xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının saytında yerləşdirilən proqnozlar buna dəlalət edir.
"El-Ninyo 2026-2027-ci illərdə 2027-ci ilin sonunadək azı daha 49 milyon insanın kəskin ərzaq çatışmazlığı ilə üzləşməsinə gətirib çıxara bilər", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, müvafiq ehtimal ərzaq böhranından əziyyət çəkən 45 dövlətdəki vəziyyətin təhlilindən sonra irəli sürülüb. Belə ki, gündəlik qida tələbatını ödəyə bilməyən ailələrin sayı 225 milyondan 274 milyona qədər arta bilər. Bu isə 22 faiz artım deməkdir.
El-Ninyonun fəsadlarının Mərkəzi Amerika və Cənubi Afrikanın bəzi hissələrində, eləcə də Şərqi Afrika, Cənubi və Cənub-Şərqi Asiyada daha kəskin şəkildə özünü göstərəcəyi gözlənilir.
Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, Sakit okeanın tropik sularında formalaşmağa başlayan El-Ninyo sürətlə güclənir. Təşkilatın ekspertləri proqnozlaşdırırlar ki, artıq 2026-cı ilin iyul-sentyabr aylarında iqlim güclü El-Ninyo fazasına keçəcək.