Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Kaşıkçının qətlində əsas şübhəli yoxa çıxdı - FOTO
Səudiyyə Ərəbistanının müxalif jurnalisti Camal Kaşıkçının qətlinin əsas şübhəlilərindən biri olan Səud əl-Kahtani yoxa çıxıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Washington Post” nəşri məlumat yayıb.
Vəliəhd şahzadə Məhəmməd ibn Salmanın əsas sözçülərindən olan Kahtaninin taleyi ilə bağlı heç bir məlumat yoxdur.
Nəşr bildirib ki, Kahtani Türkiyə tərəfinin cinayətdə əli olan şəxslərin adlarını açıqladıqdan sonra yoxa çıxıb. Bəzi mənbələr Kahtaninin ev dustaqlığında saxlanıldığını iddia edib. Ancaq bu iddia da təsdiqini tapmayıb.
Xatırladaq ki, Camal Kaşıkçı ötən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Konsulluğuna gəldikdən sonra qətlə yetirilib.
O, türkiyəli vətəndaşla nikah bağlamaq üçün boşandığını təsdiq edən sənəd (subaylıq haqqında arayış) almaq məqsədilə diplomatik nümayəndəliyə üz tutub. Nişanlısı onu konsulluq binası yaxınlığında gözləyib. Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalistin qətlə yetirilməsini yalnız 19 gündən sonra təsdiq edib. Habelə qətlin qəsdən törədilmədiyi açıqlanıb.
Türkiyə hüquq-mühafizə orqanları isə jurnalistin ölümündə ümumilikdə 18 nəfəri şübhəli bilir və onların ölkəyə ekstradisiya olunmasını tələb edir. Yerli hakimiyyət qətlin qəsdən, xüsusi amansızlıqla törədildiyini iddia edir.
Son istintaq versiyasına görə, jurnalistə işgəncələr verilib, bədəni hissələrə doğranıb və diplomatik toxunulmazlıqdan sui-istifadə olunaraq çantalarda ölkədən çıxarılıb.
Yanvarın 3-də Ər-Riyadda Kaşıkçının qətli ilə bağlı ilk məhkəmə iclası keçirilib. Prokurorluq qatillərin şəriət qaydalarına uyğun cəzalandırılmasını və şübhəli bilinən 11 nəfərdən beşinin edam olunmasını tələb edib.
Samir İsayev
Rəylər