Londonda “Tesco” mağazasının kassirinin davranışı qalmaqala səbəb olub.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, müsəlman kassir alıcının səbətində şərab və vetçinanı görüb ona xidmət etməkdən imtina edib. Öz davranışını isə Ramazan ayı olduğu üçün dini baxışları ona spirtli içki və donuz əti satmağa icazə verməməsi ilə açıqlayıb.
O, əsəbiləşmiş alıcıya özünəxidmət kassasından istifadə etməyi təklif edib, belə ki, o, özü şəraba və donuz ətinə toxuna bilməz.
Alıcı menecerə şikayət etdikdə o, öz işçisini müdafiə edərək bəyan edib ki, müqəddəs Ramazan ayında ona xidmət göstərməyə məcbur deyil.
Amma “Tesco” rəhbərliyi alıcıdan üzr istəyib və işçiyə xəbərdarlıq ediləcəyini bildiriblər.