Birinci Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə tədbirlər planına müvafiq olaraq Su Oyunlarının keçiriləcəyi əraziyə yeni avtomobil yolu çəkilir.
Oxu.Az xəbər verir ki, bu barədə Lent.az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Layihə üzrə 4 giriş-çıxışdan ibarət olacaq 1 piyada keçidi, kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyat keçidləri və 5 711 m uzunluğunda bağlantı yollar nəzərdə tutulub.
Artıq yolun keçdiyi ərazi boyu torpaq işlərinin 70 faizi, asfalt-beton örtüyünün döşənməsi 20 faiz yerinə yetirilib. Hazırda piyada keçidinin, torpaq yatağının və kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyat keçidlərinin tikintisi davam etdirilir.
Layihənin 2015-ci ilin əvvəllərində başa çatdırılması planlaşdırılır. Yeni inşa olunacaq bağlantı yolların köməyi ilə Su Oyunlarının keçiriləcəyi əraziyə nəqliyyat vasitələrinin giriş-çıxışı, eyni zamanda yeraltı piyada keçidinin hesabına piyadaların təhlükəsiz və maneəsiz hərəkəti təmin olunacaq.