ABŞ bu həftəsonu İranın Natanzdakı Kolanq-Qaz-La dağının (ABŞ və İsrail bu obyekti "Pikaks" kod adı ilə adlandırır) altında gizlədildiyi iddia edilən yeni nüvə obyektinə zərbələr endirə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı özəl mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, gözlənilən hücumun miqyası və hədəflərin dəqiq siyahısı hələlik tam bəlli deyil. Lakin ABŞ Silahlı Qüvvələri İranın həm nüvə, həm də enerji obyektlərini vurmağa hazırdır.
CNN-in məlumatına əsasən, ABŞ Administrasiyası ehtiyat edir ki, enerji infrastrukturuna hücum olacağı təqdirdə, Tehran Fars körfəzi ölkələrinə cavab zərbələri endirər və bu, qlobal enerji bazarında daha ciddi sarsıntılara səbəb olar.
İranın Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai daha əvvəl bildirmişdi ki, ölkəsinin yeni nüvə obyekti barədə ABŞ Prezidenti Donald Trampın iddiaları əsassızdır.
O vurğulayıb ki, Vaşinqtonun heç bir nüvə fəaliyyətinin olmadığı Kolanq-Qaz-La dağına yönəlmiş israrlı diqqəti uydurulmuş bəhanədən başqa bir şey deyil.