ABŞ rəsmiləri NATO-nun daha bir neçə Avropa ölkəsində nüvə silahı yerləşdirmək imkanlarını nəzərdən keçirirlər. Bu addım həmin dövlətlərə nüvə zərbələri endirmək gücünə malik ikili təyinatlı təyyarələri öz ərazilərində saxlamağa şərait yaradacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, amerikalı məmurlar hazırda nüvə silahı daşıyan bombardmançıların olduğu altı ölkədən əlavə, yeni dövlətlərdə də bu cür silahların yerləşdirilməsinə hazır olduqlarını bildiriblər. Jurnalistlərin sözlərinə görə, söhbət ilk növbədə Polşadan və Baltikyanı respublikalar da daxil olmaqla, NATO-nun şərq cinahında yerləşən ölkələrdən gedir.
Mənbələr vurğulayırlar ki, Rusiya ilə həmsərhəd olan Avropa dövlətləri öz ərazilərində nüvə silahının yerləşdirilməsi ilə bağlı danışıqlarda xüsusi fəallıq və həvəs nümayiş etdirirlər.