"The Daily Mail" qəzetinin daxil olduğu "Daily Mail and General Trust" (DMGT) media qrupu "The Daily Telegraph" nəşriyyatını 650 milyon dollara satın almaq barədə razılıq əldə edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən xəbər verib.
Qeyd olunur ki, "The Daily Telegraph" və həftəlik "The Sunday Telegraph" nəşrlərinin sahibi olan "Telegraph Media Group" şirkətini satın almaq DMGT-nin əsas səhmdarı Conatan Harmsvortun ("The Daily Mail"in qurucusunun nəticəsi) çoxdan arzusudur. Bu sövdələşmə sağ-mərkəzçi yönümlü iki böyük nəşriyyatın birləşməsinə gətirib çıxara bilər ki, bu da hakim Leyboristlər Partiyasında narahatlıq yaradır. Gözlənildiyinə görə, hər iki qəzet özünün ayrıca redaksiya komandasını saxlayacaq.
"The Daily Telegraph" 1855-ci ildə Britaniya polkovniki Artur Sley tərəfindən təsis edilib. 2019-cu ilin məlumatına görə, qəzetin gündəlik tirajı təxminən 300 min nüsxə olub. "Press Gazette" onlayn nəşriyyatının hesablamalarına görə, hazırda həmin rəqəm 150 min nüsxə civarındadır. "The Daily Telegraph" Barkli ailəsinin borcları səbəbindən 2023-cü ildə satışa çıxarılıb.