Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında münaqişənin həlli ilə bağlı danışıqların üçüncü raundu yekunlaşıb. Görüş təxminən 40 dəqiqə davam edib.
Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, görüşdən sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlərə bəyanatla çıxış edib. O, aşağıdakı məqamları diqqətə çatdırıb:
- İstanbulda keçirilən danışıqların əvvəlki raundunda humanitar məsələlərlə bağlı əldə olunan bütün razılaşmalar yerinə yetirilib.
- Ukrayna-Belarus sərhədində əsirlərin "250-yə 250" formatında mübadiləsi başa çatmaq üzrədir. İndiyədək 1 200 nəfərin mübadiləsi həyata keçirilib.
- Rusiya 7 mindən çox ukraynalı hərbçinin cəsədini qarşı tərəfə təhvil verib, lakin öz hərbçilərinin yalnız az bir hissəsinin cəsədini geri ala bilib.
- Rusiya tərəfi cəbhə xəttində 24 və 48 saatlıq humanitar fasilələrin verilməsini təklif edib.
- Rusiya siyasi, humanitar və hərbi məsələləri əhatə edən üç işçi qrupun yaradılmasını və bu qrupların onlayn rejimdə fəaliyyət göstərməsini təklif edib.
- Ukrayna bu təklifə baxılmasına razılıq verib.
- Yaxın vaxtlarda azı 1 200 hərbçinin daha mübadilə olunması nəzərdə tutulur.
- Rusiya əlavə olaraq daha 3 000 ukraynalı hərbçinin cəsədini təhvil verməyə hazır olduğunu bildirib.
- Cəsədlərin təhvili Ukraynanın texniki imkanlar əldə etməsindən sonra Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə həyata keçiriləcək.
- Tərəflər münaqişə nəticəsində didərgin düşmüş mülki şəxslərin geri qaytarılması məsələsini də müzakirə ediblər.
- Ağır yaralı və xəstə şəxslərin müddətsiz sanitar mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.
- Danışıqlarda razılaşdırılmış 101-ci bənd tam yerinə yetirilməyib. Belə ki, Kursk vilayətindən olan bütün sakinlər hələ də evlərinə qayıtmayıb - söhbət təxminən 30 nəfərdən gedir.
- Kursk sakinlərinin Ukraynada saxlanılmasının səbəbi məlum deyil.
- Rusiya Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini və digər şəxsləri həmin sakinlərlə dəyişməyə hazır olduğunu bildirib.
- Hər iki tərəfin razılaşma memorandumları üzrə mövqeləri hələlik fərqlidir, lakin təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
- Rusiya Ukraynadan olan 339 uşaq soyadı üzrə araşdırmalar aparıb. Onların bir hissəsi artıq geri qaytarılıb, digərləri üzrə işlər davam edir.
- Rusiya ərazisində olduğu iddia edilən siyahıdakı 50 uşaq faktiki olaraq böyüklərdir. Ukrayna siyahısında adı olan bir çox uşaq isə heç vaxt Rusiya ərazisində olmayıb.
- Rusiya Aİ-yə aparılan və ya Ukraynada qalan rusiyalı uşaqların geri qaytarılması məsələsini Ukrayna tərəfi qarşısında qaldırıb.
Sonda Medinski bildirib ki, Rusiya və Ukrayna liderlərinin birbaşa görüşündən əvvəl nizamlanma sazişinin şərtləri razılaşdırılmalıdır.
"Putinlə Zelenskinin görüşü bu münaqişəyə son nöqtə qoymalıdır. Təkcə görüntü xatirinə görüşməyin mənası yoxdur", - deyə o vurğulayıb.
"Ukrayna Rusiya tərəfinə avqustun sonuna qədər Rəcəb Tayyib Ərdoğan və Donald Trampın iştirakı ilə liderlərin görüşünün keçirilməsini təklif edib".
Oxu.Az-ın "Meduza" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə danışıqlar başa çatdıqdan sonra jurnalistlərə açıqlama verən Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov bildirib.
"Ukrayna effektiv diplomatiyanın zəruri təməli kimi tam və qeyd-şərtsiz atəşkəsdə israr etməkdə davam edir", - deyə o bildirib.
Umerovun sözlərinə görə, Ukrayna atəşkəsə və sülh danışıqlarına başlamağa hazırdır:
"Biz vurğulayırıq ki, atəşkəs həqiqi olmalıdır. O, mülki obyektlərə və mühüm infrastruktur obyektlərinə zərbələrin tam dayandırılmasını ehtiva etməlidir".
O əlavə edib ki, danışıqlar zamanı Ukrayna humanitar istiqamətə də diqqət yetirib və Kiyev təkcə hərbi əsirlərin deyil, həm də mülki şəxslərin, o cümlədən uşaqların azad edilməsində irəliləyiş gözləyir.
Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başa çatıb.
Oxu.Az xəbər verir ki, TASS mənbəyə istinadən məlumat yayıb. Tam tərkibdə başlayan danışıqlar yerli vaxtla saat 20:37-də (Bakı vaxtı ilə saat 21:37-də) başlayıb və təxminən 40 dəqiqə davam edib.
İstanbulun Çırağan sarayında keçirilən görüş mətbuat üçün qapalı formatda təşkil olunub. Türkiyənin xarici işlər naziri Hakan Fidanın giriş nitqindən sonra yerli telekanallar danışıqların keçirildiyi salondan yayımı dayandırıblar.
Rusiya nümayəndə heyətinin Ukrayna ilə danışıqların yekununa dair mətbuat konfransını Çırağan sarayında keçirməsi planlaşdırılır.
Qeyd olunur ki, danışıqların üçüncü raundunun davamı olmayacaq.
İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların üçüncü raundu başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, danışıqlar İstanbul şəhərindəki Çırağan sarayında keçirilib. Görüşün yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00) başlanması nəzərdə tutulsa da, geniş tərkibdə danışıqlar təxminən bir saat gec başlayıb.
Yerli KİV-in məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıqlardan öncə giriş nitqi ilə çıxış edib. O bildirib ki, nümayəndə heyətləri arasında təmasların əsas məqsədi atəşkəsin əldə olunmasıdır.
Nazirin sözlərinə görə, beynəlxalq ictimaiyyət Kiyev və Moskva arasında İstanbulda keçirilmiş əvvəlki iki görüşün nəticələrini yüksək qiymətləndirir.
H.Fidan əlavə edib ki, Türkiyə Rusiya-Ukrayna münaqişəsində vasitəçilik missiyasını davam etdirməkdə qərarlıdır və hərbi əsirlərin mübadiləsinə dəstək verə bilər:
"Tərəflər arasında mübadilə olunan memorandumlar sülh və atəşkəsin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Arzu edirik ki, danışıqların üçüncü raundunda tərəflər nəticəyönümlü məsləhətləşmələr və məzmunlu dialoq aparsınlar. Biz istərdik ki, bu danışıqlar prosesinin yekun nəticəsi kimi bölgədə sülh bərqərar olsun", - deyə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri - Vladimir Medinski və Rustem Umerov İstanbulun Çırağan sarayında ikitərəfli təkbətək görüş keçirirlər.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayıb.
Bu barədə Oxu.Az "CNN Türk" telekanalına istinadla xəbər verir.
Qeyd edək ki, danışıqlar İstanbul şəhərindəki Çırağan sarayında keçirilir.
Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun keçiriləcəyi İstanbuldakı Çırağan sarayına ilk olaraq Türkiyə nümayəndə heyəti gəlib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Daha əvvəl NTV kanalı Türkiyənin xarici işlər naziri Hakan Fidanın görüşün açılışında çıxış edəcəyini bildirirdi.
Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da nümayəndə heyətinin tərkibində danışıqların keçiriləcəyi yerə gəlib və onun da görüşdə iştirakı gözlənilir.
Daha sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak da Çırağan sarayına gəlib.
Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti Ukrayna ilə danışıqların üçüncü raundunun keçiriləcəyi İstanbula gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Rusiya nümayəndə heyətini gətirən təyyarə saat 15:40-da (Bakı vaxtı ilə 16:40) Türkiyənin ən böyük şəhərinin hava limanına enib.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu gün İstanbulda baş tutacaq Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunda açılış nitqi ilə çıxış edəcəyi gözlənilir.
Oxu.Az-ın məlumatına görə, bu barədə NTV telekanalı məlumat yayıb.
Türkiyə mətbuatının məlumatına görə, Hakan Fidanı Türkiyə rəsmiləri, o cümlədən Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Müdafiə Nazirliyinin nümayəndələri müşayiət edəcəklər. Danışıqların bu gün Bakı vaxtı ilə saat 20:00-da başlaması planlaşdırılır.
Rusiyadan olan nümayəndələrlə danışıqlar aparmaq üçün Türkiyəyə yola düşən Ukrayna rəsmiləri artıq bu ölkədədirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko məlumat verib.
Ukraynalı deputatın bildirdiyinə görə, danışıqlar əvvəlcə Ankarada baş tutacaq. Nümayəndələr Türkiyə paytaxtında kiminlə görüşəcəklərini açıqlamayıblar.
Rusiya nümayəndə heyəti bu gün (iyulun 23-də) Ukrayna ilə danışıqların üçüncü turunda iştirak etmək üçün İstanbula yola düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın RT agentliyinin əməkdaşı məlumat yayıb.
Qeyd edək ki, artıq danışıqların baş tutacağı İstanbuldakı Çırağan sarayında təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu gün İstanbulda Ukrayna ilə Rusiya arasındakı danışıqların üçüncü turunun Bakı vaxtı ilə saat 20:00-da baş tutacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" Türkiyədəki mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, əldə edilən informasiyaya rəğmən, iki ölkə nümayəndələrinin görüşəcəyi tarix və saat hələ də dəqiqləşdirilir.