ABŞ-də süni intellekt sahəsinə yönəldilən nəhəng investisiyalar gözlənilən məhsuldarlığı təmin etməyəcəyi təqdirdə ölkə iqtisadiyyatına ciddi zərər vura bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Nəşrin məlumatına görə, ABŞ hazırda süni intellekt sahəsinə yatırılan vəsaitlərin həcmi baxımından risk zonasına yaxınlaşır. Bildirilir ki, qarşıdakı dörd il ərzində data mərkəzlərinin tikintisi və inkişafına təxminən yeddi trilyon dollar xərclənməsi planlaşdırılır.
Qeyd olunur ki, riskləri artıran digər amil süni intellekt sənayesinin inkişafında borc vəsaitlərindən getdikcə daha çox istifadə olunmasıdır. Nəşrin fikrincə, əgər süni intellekt bazarında "maliyyə köpüyü" yaranarsa, bu, təkcə texnologiya sektoruna deyil, həm də maliyyə sisteminə ciddi təsir göstərə bilər.
Məqalədə vurğulanır ki, hazırda süni intellekt şirkətlərinin səhmlərindəki eniş digər sahələrdə fəaliyyət göstərən şirkətlərin səhmlərinin bahalaşması ilə qismən kompensasiya olunur. Lakin nəşr xəbərdarlıq edir ki, gələcəkdə baş verə biləcək kəskin eniş bütün fond bazarını da aşağı çəkə bilər.