ABŞ-nin Hyuston Metodist İnstitutunun alimləri piylənmə ilə Altsheymer xəstəliyi arasında mümkün bioloji əlaqəni müəyyən ediblər.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Molecular Neurodegeneration" jurnalında dərc olunub.
Stiven Vonq və Li Yanın rəhbərlik etdiyi tədqiqat qrupu fosfatidiletanolaminləri - hüceyrə membranlarının tərkibinə daxil olan yağ molekulları sinfini - piylənmə ilə Altsheymer xəstəliyi arasında əsas əlaqələndirici amillərdən biri kimi müəyyən edib.
Araşdırmaya görə, piylənmə bu molekulların orqanizmdə səviyyəsini artırır. Daha sonra onlar mikroskopik hissəciklərə toplanaraq qan dövranı vasitəsilə beyinə çatır.
Beyinə daxil olduqdan sonra bu hissəciklər neyronlar arasında siqnal ötürülməsini pozur, immun müdafiəsini zəiflədir və Altsheymer xəstəliyinin əsas əlamətlərindən biri hesab olunan amiloid zülallarının toplanmasını sürətləndirir.
Tədqiqatın rəhbəri Stiven Vonqun sözlərinə görə, piylənmə beyinə ötürülən siqnalların xarakterini dəyişə bilər. O bildirib ki, bu mexanizm gələcəkdə müalicə hədəfinə çevrilə bilər və piylənmə ilə əlaqəli Altsheymer riskinə yalnız metabolik problem kimi deyil, beyində baş verən dəyişikliklərə təsir göstərilə bilən proses kimi yanaşmaq mümkündür.
Alimlər fosfatidiletanolaminlərin sağlam balansını bərpa etdikdə, lipid mübadiləsinin pozulmasının azaldığını, həmçinin Altsheymer modeli üzərində beynin fəaliyyəti və idrak göstəricilərinin - öyrənmə, yaddaş, diqqət və problem həll etmə bacarıqlarının yaxşılaşdığını müşahidə ediblər.
Tədqiqat müəllifləri hesab edirlər ki, bu yağ molekullarına və ya onların beyinə daşınma mexanizminə təsir göstərilməsi piylənmə ilə əlaqəli beyin zədələnməsinin bir hissəsini azaltmağa kömək edə bilər.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına görə, hazırda ölkədə 6.5 milyondan çox insan Altsheymer xəstəliyindən əziyyət çəkir və 2060-cı ilə qədər bu rəqəmin təxminən 14 milyona çatacağı proqnozlaşdırılır.