Misirin Süveyş şəhərindən 38 km şimalda 5.6 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" Misir Milli Astronomiya və Geofizika Elmi-Tədqiqat İnstitutuna istinadən məlumat yayıb.
İnstitutdan itkilər və ya dağıntılar barədə hər hansı məlumatın daxil olmadığı bildirilib.
Misir Qızıl Aypara Cəmiyyəti yeraltı təkanların hiss olunduğu əyalətlərdə fövqəladə hallara reaksiya planının işə salındığını elan edib. Qurum sakinləri struktur zədələnmə əlamətləri olan binalardan uzaq durmağa və səlahiyyətli orqanlar vəziyyəti qiymətləndirməyə davam etdikcə rəsmi xəbərləri izləməyə çağırıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən isə bildirilib ki, təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub.