Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kobaxidze: "Kiyev qeyri-ciddilikdə bütün sərhədləri keçib"
Ukrayna hökuməti Tbilisi meri və Kiyevin "Dinamo" klubunun keçmiş futbolçusu Kaxa Kaladzeni Ukraynanın beynəlxalq dərəcəli idman ustası titulundan məhrum etmək qərarı ilə ciddi bir səhvə yol verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlama verib.
"Bu qərarı necə ciddi şərh edəcəyimi bilmirəm. Ukrayna hökuməti belə bir addımla bütün qeyri-ciddilik sərhədlərini aşmış olub. Amma əsas problem qeyri-ciddilik deyil. Bir daha qeyd etmək istəyirəm ki, Ukrayna hökuməti Gürcüstandan birbaşa ikinci cəbhə tələb edirdi. Məsələn, bunu Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov və prezidentin baş müşaviri Mixail Podolyak ediblər", - Kobaxidze bildirib.
Kobaxidze, həmçinin 2022-ci ildə Volodimir Zelenskinin iki əsas səbəbə görə Gürcüstanın səfirini Tbilisidən geri çağırdığını xatırladıb. Səbəblərdən biri Gürcüstan hökumətinin münaqişə zonasına könüllülər göndərməkdən imtina etməsi, digəri isə Rusiyaya qarşı sanksiyaları dəstəkləməməsi idi.
Qeyd edək ki, Ukrayna Gənclər və İdman Nazirliyi daha əvvəl Kaxa Kaladzeni 1999-cu ildə "Dinamo"da (Kiyev) oynayarkən aldığı beynəlxalq dərəcəli idman ustası titulundan məhrum edib.