Konqoda qeydə alınan Ebola epidemiyasının əsl miqyası rəsmi hesabatlarda göstəriləndən xeyli böyükdür.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Məlumata görə, "Oxfam" təşkilatının nümayəndələri vurğulayıblar ki, sanitar infrastrukturun bərbad vəziyyəti, təmiz suyun olmaması və xəstələrlə təmasda olanların izlənilməsinin çətinləşməsi səbəbindən real yoluxma halları açıqlanan rəqəmlərdən qat-qat çoxdur.
Humanitar qurum bildirib ki, Bundibuqyo virusunun nadir növü yayıldığı vaxtdan etibarən sanitariya və gigiyena sistemləri az qala tamamilə məhv olub, həmçinin xəstəliyin ötürülmə zəncirinin izlənilməsi üzrə effektivlik kəskin şəkildə aşağı düşüb.
Belə ki, məsələn, xəstəliyin ən çox yayıldığı bölgələrdən olan İturi əyalətindəki səhiyyə müəssisələrinin sadəcə beşdəbiri lazımi qədər təmiz su ilə təmin edilib. Həmin ərazidə yerləşən və 140 minə yaxın sakini olan Monqvalo şəhərində isə əhalinin yalnız 20 faizi içməli sudan istifadə edə bilir, fəaliyyət göstərən sanitar-gigiyenik qurğulara əlçatanlıq isə cəmi 25 faiz təşkil edir.
Konqo Demokratik Respublikasında (KDR) yayılan Ebola qızdırması nəticəsində həyatını itirənlərin sayı 192 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi "X" sosial şəbəkəsində bildirib.
Sutka ərzində təsdiqlənmiş yoluxma hallarının sayı 26 nəfər artaraq 808-ə çatıb, ölüm əmsalı 23.8% təşkil edib.
Ümumilikdə qızdırmadan 48 nəfər sağalıb.
"İturi əyaləti epidemiyanın episentri olaraq qalır, burada 738 təsdiqlənmiş yoluxma halı qeydə alınıb", - deyə paylaşımda qeyd olunub.
Virus Şimali və Cənubi Kivu əyalətlərində yayılmaqda davam edir.