Bu günlərdə Saxalin balıqçılarının Oxot dənizində qurduğu tora düşən köpəkbalığı sahilə çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalında məlumat yayılıb.
Köpəkbalığının ətrafına toplaşan yerli sakinlər onun dərisinin çox sərt olduğunu qeyd ediblər. Saxalinlilərin sözlərinə görə, son dövrlərdə köpəkbalıqları sahillərə daha tez-tez yaxınlaşmağa başlayıblar.
Məlumata görə, siyənək köpəkbalıqları saatda 50-70 kilometr sürət yığa bilir və ovunu tutmaq məqsədilə sudan kənara sıçramaq qabiliyyətinə sahibdir.
Xatırladaq ki, bundan öncə də Saxalin bölgəsində köpəkbalıqlarının kütləvi şəkildə görünməsi barədə xəbərlər verilmişdi. Xolmsk adlı liman şəhərində uzunluğu iki metr olan yırtıcının quruya yaxınlaşması çimərlikdə istirahət edən insanlarda qorxu yaratmışdı.
Dəniz yırtıcılarının tez-tez müşahidə edilməsi suyun temperaturunun əhəmiyyətli dərəcədə yüksəlməsi ilə izah olunur. Köpəkbalıqlarının bu cür ilk kütləvi axını Vladivostok şəhərində qeydə alınmışdı. Ötən iyun ayında həmin ərazidə yırtıcılar ictimai çimərliklərə qədər üzərək istirahət edənlərin gözü önündə ovlarını parçalamışdılar.