Rusiyanın Saxalin vilayətinin Uqleqorsk rayonunda it sahibini ayının hücumundan xilas edib.
Oxu.Az bildirir ki, bu barədə Saxalin vilayətinin Baytarlıq və Damazlıq Heyvandarlıq Agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə kişinin ev heyvanı ilə birlikdə getdiyi meşədə baş verib.
"Bizim itimiz əsl qəhrəmandır. O, özünü düşünmədən məni xilas etdi. Həkimlər də onu xilas etmək üçün əllərindən gələni etdilər. Biz onlara əbədi minnətdar olacağıq", - deyə itin sahibi bildirib.
Agentliyin məlumatına görə, ayı qəfildən onların qarşısına çıxıb. İt dərhal vəhşi heyvanın üzərinə cumub. Bu zaman sahibi təhlükəsiz məsafəyə qaçmağa və kömək çağırmağa nail olub.
Ayı caynaqları və dişləri ilə itə çoxsaylı dərin yaralar vurub, lakin heyvan sağ qalıb. Ayı isə meşəyə qaçaraq gözdən itib. İt çoxsaylı yırtılmış yaralar, qan itkisi və əzələ zədələnmələri ilə baytarlıq klinikasına çatdırılıb.
"Baytarlar heyvanın vəziyyətini son dərəcə ağır qiymətləndiriblər. Təcili cərrahi əməliyyata ehtiyac yaranıb. Həkimlər onun həyatı uğrunda bir neçə saat mübarizə aparıblar. İti xilas etmək mümkün olub. Hazırda o, müşahidə altındadır və bərpa dövrünü keçir. Qəhrəman itin həyatı üçün artıq heç bir təhlükə yoxdur", - deyə Uqleqorsk Heyvan Xəstəlikləri ilə Mübarizə Stansiyasından bildirilib.