Cənubi Koreya aviaşirkəti “Korean Air” çoşmuş sərnişinləri sakitləşdirmək üçün öz stüardessalarına elektroşokerlərdən sərbəst şəkildə istifadə etməyə icazə verib.
Oxu.Az-ın məlumatına əsasən, “Korean Air”in əməkdaşlarına əvvəllər də istifadə üçün elektroşokerlər veriblər.
Lakin onlar çoşmuş sərnişinlərə qarşı bundan istifadə etmirdilər. Belə ki, qaydaya əsasən bu cür vasitələr yalnız heyətin və sərnişinlərin həyatı üçün həqiqətən təhlükə yarandığı halda tətbiq edilə bilərdi.
İndi isə bu qaydalar əhəmiyyətli dərəcədə genişləndirilib. Aviaşirkətin heyəti elektroşokeri aqressiv sərnişinlər istənilən şəkildə güc tətbiq etməyə cəhd etdikdə istifadə edə bilər. Həmçinin stüardessaları şokerlərdən istifadə etməyi öyrənmək üçün kurslara yollayacaqlar.
Şirkət belə bir qərarı, ötən həftə Xonayadan Seula uçan təyyarənin göyərtəsində baş verən xoşagəlməz hadisədən sonra verib. Sərnişinlərdən biri digərlərinə hücum etməyə başlayıb. Sərnişini sakitləşdirmək üçün həmin reyslə uçan amerikalı müğənni Riçard Maks onun qollarını burub, arxadan bağlamalı olub.
Maks daha sonra sosial şəbəkələrdə “Korean Air” şirkətinin əməkdaşlarının pis hazırlıqlı olduğunu yazmışdı.
Koreya hakimiyyətinin məlumatına əsasən, Cənubi Koreya aviaşirkətlərində qanun pozuntularının sayı son bir neçə il ərzində iki dəfədən çox artıb: 2012-ci ildə 191-dən 2015-ci ildə 460-a qədər.
N.О.