Koreya Respublikasında ayı yetişdirilməsinə qadağa yanvarın 1-dən qüvvəyə minib.
Oxu.Az xəbər verir ki, məlumatı TASS yayıb.
"İqlim, Energetika və Ətraf Mühitin Qorunması Nazirliyi 2026-cı il yanvarın 1-dən qüvvəyə minən ayı yetişdirilməsi və öd istehsalı qadağası ilə əlaqədar sığınacaqlarda saxlanılan ayıların qorunması üçün tədbirlər həyata keçirəcək", - deyə nazirlik bu həftənin əvvəlində açıqlayıb. Söhbət 2023-cü ildə qəbul edilmiş Vəhşi heyvanların Mühafizəsi Qanununa edilən dəyişikliklərdən gedir.
"Qanuna əsasən, ayıların saxlanması və çoxaldılması, o cümlədən ayı ödünün istehsalı, istehlakı və yayılması qadağandır", - deyə nazirlikdən bildirilib. Məmurlar izah ediblər ki, qalan təsərrüfatlar üçün altıaylıq keçid müddəti tətbiq edəcəklər və hələlik onları cərimələməyəcəklər, lakin "qanunsuz öd əldə edilməsi ciddi şəkildə cəzalandırılacaq".
Statistikaya görə, daha 199 ayı ölkə üzrə 11 fermada saxlanılır. Əvvəllər belə obyektlərdən 34 yırtıcı xilas edilib. Bu təsərrüfatların sahibləri ilə danışıqlar davam etdirilir.
1981-ci ildə Cənubi Koreya hökuməti fermerlərin rifahını düşünərək, ayı idxalına və yetişdirilməsinə icazə verdi. 1985-ci ildə beynəlxalq təzyiq altında Seul bu vəhşi heyvanların idxalına qadağa qoydu, lakin çoxalmanı qadağan edən qanuna düzəlişlər yalnız 2023-cü ildə qəbul edildi.
Qeyd edək ki, ayı ödündən xalq təbabətində geniş istifadə olunur.