Avqustun 12-nə keçən gecə Krasnodar diyarına yüzlərlə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib. Hadisə nəticəsində biri uşaq olmaqla, iki nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə qubernator Veniamin Kondratyev MAX kanalında məlumat yayıb.
"Novorossiyskdə səkkiz yaşlı uşaq həlak olub. Valideynlərinə dərin hüznlə başsağlığı verirəm. Novorossiysk meri Andrey Kravçenkoya mərhumun ailəsinə hər cür lazımi köməklik göstərilməsini tapşırdım. Bundan əlavə, biri uşaq olmaqla, səkkiz nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Ehtiyac yaranarsa, yaralıları daha böyük tibb müəssisələrinə köçürməyə hazırıq", - deyə qubernator qeyd edib.
Məlumata görə, PUA qalıqları 21 yaşayış binasının, o cümlədən çoxmənzilli evlərin və dörd müəssisənin ərazisinə düşüb. Hazırda 90-a yaxın insan müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirilib.
Bildirilir ki, Temryuk rayonunun Volna qəsəbəsində PUA qalıqlarının düşməsi nəticəsində xəsarət alan daha bir nəfər isə ölüb.
Anapa şəhərində zərərsizləşdirilmiş dronların hissələri yaşayış evini zədələyib. Nəticədə iki nəfər xəsarət alıb və onlara hospitalizasiya edilmədən yerindəcə ilkin tibbi yardım göstərilib.
Gelencik ərazisində isə üç fərdi yaşayış evinə ziyan dəyib. Xəsarət alan iki sakin xəstəxanaya çatdırılıb.