Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların müddətinin 2016-cı ilin yanvar ayının 31-nə kimi uzadılmasına, Kremlin mütləq cavab verəcəyini vəd edib.
Oxu.Az-ın məlumatına görə, o, bu barədə İnterfaks-a bildirib.
“Sanksiya mübadiləsində qarşılıq prinsipi – bizim yanaşmamızın əsasıdır”, - Vladimir Putinin mətbuat katibi Avropa İttifaqının nazirlər şurasının sanksiyaların altı ay müddətinə daha artırılması qərarını şərh edərkən bəyan edib.
Peskov xatırladıb ki, Moskva sanksiya tədbirlərinin təşəbbüskarı olmayıb və Aİ sanksiyalarını əsassız və qanunsuz hesab edir. Putinin mətbuat katibinin sözlərinə görə, bu sanksiyalar yalnız Rusiyanın iqtisadi fəaliyyətinin iştirakçılarının maraqlarına deyil, eləcə də Avropada vergi ödəyicilərinin maraqlarına xələldir.
Aİ ölkələrinin xarici işlər nazirləri iyun ayının 22-də Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha yarım il müddətinə - 2016-cı ilin yanvar ayının sonuna qədər uzatdılar.
Bu sanksiyalar Rusiyaya qarşı 2014-cü ilin iyul ayından bir il müddətinə tətbiq edilmişdi və Rusiya iqtisadiyyatının maliyyə və enerji sahəsinə toxunurdu.
Bu sanksiyalar bir sıra Rusiya banklarının qərbi maliyyələşdirməsini, Rusiya enerji şirkətlərinə avadanlığın çatdırılması və silah, ikili təyinatı olan malların satışını məhdudlaşdırırdı.