Londonda fəaliyyət göstərən psixi sağlamlıq fondu psixiatrik xidmətlərə tələbatın sürətlə artmasına rəğmən, xərclərini 33 milyon dollardan çox azaltmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Guardian" nəşri məlumat yayıb. Bildirilib ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) paytaxtın şərq hissəsində psixiatrik yardım göstərən qurumu öz büdcəsini 25 milyon funt sterlinq (33 milyon dollardan çox) ixtisar etmək niyyətindədir. Bu məqsədlə fond uşaq və yeniyetmələrə yardım, eləcə də asılılıqdan əziyyət çəkənlərə dəstək daxil olmaqla, ən azı 10 əsas xidməti yenidən təşkil etməyi, həmçinin 6 min nəfərlik heyətdən 330 işçini azad etməyi nəzərdə tutur.
Qəzetin yazdığına görə, ixtisarlara əsas səbəb İngiltərə Milli Səhiyyə Xidmətinin ölkədəki bütün 205 fonddan maliyyə göstəricilərini tarazlaşdırmaq tələbidir. Bununla əlaqədar olaraq, Britaniyanın "Unite" həmkarlar ittifaqı kütləvi ixtisarlara etiraz əlaməti kimi tətilin təşkil olunması məsələsi üzrə fond işçiləri arasında səsvermə keçirməyə hazırlaşır.