Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 3-də saat 07:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ərazisindən çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Bir nəfər isə (qadın) Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Boyun nahiyəsinin, başın, döş qəfəsinin, saidin, çiyin və bazu nahiyələrinin açıq və çoxsaylı yaralanmaları, qarın divarının kontuziyası diaqnozları təyin edilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir. Müvafiq laborator və instrumental müayinələr aparıldıqdan sonra pasiyent cərrahi əməliyyata alınıb", - deyə məlumatda bildirilir.
Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Zaqatala rayon sakini Tərlan İbrahimov yaşadığı evdə həyat yoldaşını və özünü bıçaqlayıb.
Hadisə nəticəsində qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, kişi isə ölüb.
Faktla bağlı Abşeron Rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.