Ukrayna Belarus Prezidentinin mətbuat katibi Nataliya Eysmontun daha əvvəl bildirdiyi kimi, Belarusdan 31 ukraynalının qayıtdığını təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna hərbi əsirlərlə rəftar üzrə Koordinasiya Qərargahının mətbuat xidmətindən məlumat verib.
Qeyd edilib ki, söhbət Belarus ərazisində saxlanılan və 2 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş kişi və qadınlardan gedir. Qərargahın məlumatına görə, azadlığa buraxılan ən gənc ukraynalı qadının 18, ən böyüyünün isə 58 yaşı var.
Belarus Prezidenti Aleksandr Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə dövlət başçısının mətbuat katibi Natalya Eysmont "BelTA" xəbər agentliyinə məlumat verib.
O bildirib ki, qərar ABŞ Prezidenti Donald Tramp və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında Ukrayna tərəfinin xahişi ilə əldə edilən razılaşmalar çərçivəsində qəbul edilib.
Eysmontun sözlərinə görə, əfv fərmanı qonşu dövlətdə silahlı münaqişənin nizamlanması üçün şəraitin yaradılması istiqamətində atılan addım olub. Həmçinin humanizm və xoşməramlılıq jesti də ölkə ərazisində əvvəllər cinayət əməlləri törətdiklərinə görə məhkum edilən Ukrayna vətəndaşlarının azadlığa buraxılması üçün motiv olub.
Mətbuat katibi əlavə edib ki, hazırda azadlığa buraxılan vətəndaşların Ukrayna tərəfinə təhvil verilməsi prosesi gedir.