Fransanın "TotalEnergies" neft şirkəti Niderlanddakı "Zeeland" neft emalı zavodu üzərində əməliyyat nəzarətini əldə edib. Müəssisə qismən ABŞ sanksiyaları altında olan Rusiyanın "LUKOIL" şirkətinə məxsusdur.
Bu barədə Oxu.Az "Reuters" nəşrinə istinadən məlumat verib.
Fransa şirkətinin baş direktoru Patrik Puyann qeyd edib ki, "Total" Rusiyaya məxsus neft emalı zavodunun 45%-lik payını satın almayıb. O izah edib ki, "LUKOIL"la müqavilə "TotalEnergies"ə neft emalı zavodunu müvəqqəti olaraq istismar etməyə imkan verir.
Razılaşmalara əsasən, Fransa neft nəhəngi bütün xammalı tədarük edir, əməliyyat xərclərini ödəyir və neft emalı zavodunun bütün məhsullarını, yəni neft məhsullarını alır. Puyann bildirib ki, bu şərtlər səhmdarlar arasında mövcud müqavilənin bir hissəsidir və "LUKOIL" öz payı üçün alıcı tapana qədər qüvvədə qalacaq.
"Aydın idi ki, "LUKOIL" getməlidir... amma müəssisəni kimə satacaqları onların işidir", - deyə Puyann əlavə edib.