ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Perseverance" aparatı Marsın səthində süni strukturlara bənzəyən sirli obyektləri qeydə alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Marsın səthinin fotosu yerdənkənar həyat nəzəriyyələrinin tərəfdarları arasında yeni müzakirələrə səbəb olub.
Ufoloq Skott K. Uorinq fotoda qədim sivilizasiyaya aid mümkün "portal" hesab etdiyi bir struktur gördüyünü iddia edib. O, həmçinin ortasında tünd dəlik olan piramidayabənzər obyektə diqqət çəkib.
Əslində, söhbət "Perseverance" aparatının "Mastcam-Z" kameraları vasitəsilə 2021-ci ilin iyununda çəkilmiş Yezero kraterinin panoramasından gedir. Alimlər bu krateri qədim mikrob həyatının izlərinin axtarışı üçün perspektivli ərazi hesab edirlər. Bunun səbəbi milyardlarla il əvvəl burada gölün mövcud olmasıdır.
Bununla belə, qeyri-adi obyektlərin sünimənşəli olduğunu təsdiqləyən heç bir sübut yoxdur. Uorinq də onların həqiqi ölçülərini müəyyənləşdirməyə imkan verən məlumat təqdim etməyib.
Marsdan çəkilmiş başqa bir foto da əvvəllər oxşar iddialara səbəb olub. 2022-ci ilin mayında "Curiosity" aparatı qayada perspektivə görə böyük qapı girişinə bənzəyən bir quruluş qeydə alıb. Sonradan onun hündürlüyünün cəmi 30 santimetr olduğu məlum olub.
NASA belə strukturların süxurlarda yaranan çatlar və aşınma nəticəsində təbii şəkildə əmələ gələ biləcəyini izah edib. Uorinqin qədim sivilizasiyanın mümkün izləri ilə bağlı son iddialarına isə NASA hələlik münasibət bildirməyib.