Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mask Şoltsu yenə təhqir etdi
Milyarder İlon Mask Maqdeburq şəhərində terror aktından sonra Almaniyanın kansleri Olaf Şoltsun dərhal istefaya getməsini tələb edib.
Oxu.Az-ın verdiyi məlumata görə, Mask bu barədə Şoltsun terror aktı ilə əlaqədar paylaşımına yazdığı şərhdə bildirib.
Kansler faciə ilə bağlı paylaşımında "Maqdeburqdan gələn xəbərlər məni dərindən sarsıtdı. Bütün fikrim hadisə qurbanlarının və onların yaxınlarının yanındadır", deyə qeyd edib və xilasetmə əməliyyatlarında iştirak edənlərə təşəkkürünü bildirib.
Lakin biznesmen Şoltsun bu paylaşımının altında onu sərt tənqid edib.
"ŞolTs dərhal istefaya getməlidir. Səriştəsiz axmaq", - deyə Mask yazıb.
Qeyd edək ki, ABŞ-li milyarder noyabrda Almaniyada hakim koalisiyanın dağılması fonunda da Şoltsu "axmaq" adlandırıb. Kansler isə buna cavab olaraq qeyd edib ki, cənab Mask dövlət qulluqçusu olmadığı üçün onun sözlərini nəzərə almır.
Xatırladaq ki, dünən Maqdeburq şəhərində BMW sürücüsü Milad bazarında, xüsusilə uşaqlı ailələrin çox olduğu hissədə qəsdən maşını insanların üzərinə sürüb. Hadisə nəticəsində azı 11 nəfər həlak olub, 80 nəfərə yaxın yaralı var. Saksoniya-Anhalt və Maqdeburq hakimiyyəti baş verənləri terror aktı adlandırıb. Şübhəli şəxs 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanı vətəndaşıdır. O, saxlanılıb. Hücumçunun terror aktını törətdiyi avtomobili icarəyə götürdüyü məlum olub.
Rəylər