KVN-nin əvəzsiz aparıcısı Dağlıq Qarabağın separatçı rejimini təmsil edən komandanın “KiViN-2017” festivalında iştirakını şərh edib.
Oxu.Az 1news-a istinadən xəbər verir ki, bu məsələ birinci il deyil ki, gündəmdədir. Hələ keçən festivalda Beynəlxalq KVN İttifaqı KVN-in siyasətdənkənar olduğunu və siyasi təxribatlara meydan olmadığını rəsmi bəyan etmişdi. Tanınmamış qurumların, yaranmış birliklərin, o cümlədən də “Artsax” adı ləğv edilmişdi.
“AmiK”-in baş direktoru Aleksandr Maslyakov Azərbaycanın Şən və Hazırcavablar Klubuna verdiyi müsahibəsində mövqeyini bir daha təsdiqləyib: “KVN-də heç bir komanda qondarma “DQR”-ı təmsil etmir. Biz bu vəziyyətə nəzarət edirik və bu qəbildən olan təxribata yol vermərik”, - o deyib.
Xatırladaq ki, yanvarın 10-da Soçidə Beynəlxalq “KiViN-2017” festivalı start götürüb. Festivalda müxtəlif dövlətlərin komandaları, o cümlədən də Azərbaycandan olan komanda - “Bakı yığması” iştirak edəcək.
Yayılan məlumata görə, Soçidəki festivalda tanınmamış separatçı Dağlıq Qarabağ rejimini təmsil edən “Duz və çörəklə” adlı komanda da çıxış edir.
Bununla əlaqədar Ümumrusiya Azərbaycan Konqressi öz narazıçılığını bildirib.
Azərbaycan XİN bəyan edib ki, separatçı rejimin komandalarının festivala dəvət edilməsi Azərbaycan və Rusiya strateji əlaqələrinə ziddir.
N.O.
www.oxu.az