Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Ali Radanın deputatlarının ələ alınmasına dair iş üzrə "Batkivşina" fraksiyasının rəhbəri Yuliya Timoşenkonun prosessual öhdəliklərinin uzadılmasından imtina edib.
Oxu.Az xəbər verir ki, bu məlumatı Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi özünün rəsmi "Telegram" kanalı vasitəsilə yayıb.
Açıqlamaya əsasən, məhkəmə instansiyası dövlət ittihamçısının vəsatətini təmin etməyərək, təqsirləndirilən siyasətçinin vəkillərinin mövqeyi ilə razılaşıb.
Bundan əvvəlki qərarda məhkəmə Timoşenkonun azadlıqda qalması üçün 33 milyon qrivna (təxminən 760 min dollar) dəyərində girov təyin etmiş və bu məbləğ ödənilmişdi. Eyni zamanda, o, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) müstəntiqlərinin, İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun (SAP) nümayəndələrinin və ya məhkəmənin ilk çağırışında hazır olmağa; iş və ya yaşayış ünvanını dəyişdikdə bu barədə aidiyyəti qurumlara xəbər verməyə məcbur edilmişdi.
Qeyd olunur ki, bu ilin yanvarında antikorrupsiya orqanları deputatların rüşvət qarşılığında ələ alınması ehtimalları ilə əlaqədar "Batkivşina"nın Kiyev ofisində axtarışlar aparıb. Siyasətçi qeyri-qanuni üstünlük təklif etməkdə günahlandırılıb ki, bu da ona 5 ildən 10 ilədək həbs cəzası riski yaradırdı. NABU-nun açıqladığı audioyazılara görə, o, səsvermələrdə arzulanan nəticəni əldə etmək məqsədilə parlamentarilərə hər ay 10 min dollar təklif edib. Lakin Timoşenko təqdim olunan səs qeydlərinin saxtalaşdırıldığını və montaj olunduğunu iddia edir.
Bundan əlavə, partiya rəhbəri komandasının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək üçün hazırlaşdığını vurğulayıb.