Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması prosedurları elektronlaşdırılır.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, müvəqqəti olma müddətinin uzadılması məsələsi müsbət həll edildikdə bu barədə qərarın verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra həmin qərar müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürüləcək, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təqdim etdikləri elektron poçt ünvanına göndəriləcək.
Qeyd olunur ki, dövlət rüsumu ödənildikdən sonra müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi və elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulur. Bununla yanaşı, qərarın məzmununun təsdiq edilməsi, elektron imza ilə rəsmiləşdirilməsi və elektron xidmətlərin hüquqi əsaslarının dəqiqləşdirilməsi təmin ediləcək.
Həmçinin müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum nəzərdə tutulmayacaq.
Layihədə qeyd olunan keçid müddəaya əsasən, qanun qüvvəyə mindiyi günədək verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarlar onlarda göstərilmiş müddət başa çatanadək hüquqi qüvvəsini saxlayacaq. Həmin qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə və ya əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə onlar elektron qaydada tərtib ediləcək, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi üçün həmin sistemə ötürüləcək, eyni zamanda müraciət edənin elektron poçt ünvanına göndəriləcək. Bu hallarda qərarın yenidən rəsmiləşdirilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq.