Meksika Prezidenti Klaudiya Şeyinbaum cinayətkar qruplaşmalarla mübarizə, habelə narkotik laboratoriyalarının və təlim düşərgələrinin ləğv edilməsi üçün dövlət planını təqdim edib.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Meksika ordusunun, Hərbi Hava Qüvvələrinin və Milli Qvardiyanın 10.5 min hərbçisinin cəlb olunacağı əməliyyatın dəyəri 57 milyard peso (3.1 milyard ABŞ dolları) civarında proqnozlaşdırılır.
Cinayətkarlıqla mübarizə səyləri təhlükəsizlik böhranı yaşayan Miçoakan ştatının ərazisində səfərbər ediləcək. Ştat polisinin və prokurorluğun fəaliyyətinin gücləndirilməsi planlaşdırılır. Regiona helikopterlər, kəşfiyyat təyyarələri və pilotsuz uçuş aparatları göndəriləcək.
Plan həmçinin sosial təminat, kənd təsərrüfatı, infrastruktur, turizm və məşğulluğa maliyyə vəsaitlərinin artırılmasını nəzərdə tutur. Klaudiya Şeyinbaum planın həyata keçirilməsinə şəxsən nəzarət edəcək və hər 15 gündən bir ictimaiyyətə nəticələr haqqında hesabat verəcək.
Mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirlərinə dair bu sərt qərarlar Miçoakan ştatında Uruapan şəhərinin meri Karlos Alberto Manso Rodrigesin onlarla insanın gözü qarşısında güllələnməsindən sonra verilib.