Meksikanın şimalında mafiyanın mövqelərinin güclü olduğu Çiuaua ştatında bir ailənin səkkiz üzvü vəhşicəsinə qətlə yetirilib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü həmin ştatın hakimiyyəti bildirib.
İlkin məlumata əsasən, ailə üzvləri Kasa-Kemada rayonunda Çiuaua yollarının birində kamuflyaj geyinmiş insanlar tərəfindən oğurlanıblar.
İlkin olaraq doqquz adam oğurlanmışdı, onlardan biri qaçmağa nail olub. Polisə oğurluq haqqında məhz o xəbər verib.
Ştatın Baş prokurorluğu irimiqyaslı axtarış tədbirləri nəticəsində oğurlanan insanlara məxsus əvvəlcə üç, daha sonra isə beş meyit aşkar edib. Onların hamısının başı kəsilib, öldürülənlər arasında iki 15 yaşlı yeniyetmə olub. Bir sıra şahid ifadələrində onların bu rayonda odun hazırlıqları ilə məşğul olduqları, digər ifadələr isə onların qanunsuz marixuana əkininə aidiyyatı olmalarını ehtimal edir.
E.Ə.
www.oxu.az