Qırğızıstanda narkopolislər “Akıykat” (“Ədalət”) siyasi partiyasının lideri, “Çıyır” (“Cığır”) qəzetinin redaktoru Akılbek Atabayevdə 20 kq narkotik vasitə aşkar ediblər.
“Şübhəli bilinən 48 yaşlı şəxsdə baxış zamanı 10,4 kq heroin, 1,8 kq opium və 10,2 kq Əfqanıstan istehsalı həşiş müsadirə edilib”, - Oxu.Az TASS-a istinadən xəbər verir. Bu barədə Qırğızıstanın DİN-in narkotiklərlə mübarizə İdarəsinin mətbuat katibi Jorobay Adraimov bildirib.
Narkotik vasitələrin böyük partiyası siyasətçinin maşınında olub. Atabayev Bişkek şəhərinin Müvəqqəti saxlanma izolyatoruna yerləşdirilib. Müstəntiqlər saxlanılan şəxsin uzun müddət Tacikistan və Qırğızıstan ərazisindən keçərək Qazaxıstan və Rusiyaya müxtəlif psixoaktiv vasitələrin çatdırılması ilə məşğul olan beynəlxalq narkoqrupa başçılıq etdiyindən şübhələnirlər.
Qırğızıstan Əfqanıstandan Rusiyaya, ordan isə Avropa ölkələrinə narkotikin çatdırıldığı şimal marşrutunda yerləşir. Hər il respublikada 15-20 ton müxtəlif narkotik vasitələr müsadirə edilir. Amma mütəxəssislərin qiymətləndirmələrinə görə ölkənin ərazisindən keçirilən heroin və opiumun həcmi getdikcə artır.
Faktla bağlı cinayət işi açılıb.