ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff, müharibə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keyn Ağ Evin Qərb qanadını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində fotoqraf Endryu Leyden məlumat yayıb.
O, üç yüksəkvəzifəli şəxsin Ağ Evdən birlikdə ayrıldığını əks etdirən fotoları paylaşıb.
Qeyd edək ki, Retkliff bir gün əvvəl - avqustun 25-də Moskvaya səfər edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ertəsi gün səfər çərçivəsində xüsusi xidmət orqanları arasında təmasların baş tutduğunu bildirib. O, Vladimir Putinin MKİ rəhbəri ilə görüşmədiyini vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp isə Retkliffin Moskva səfərini şərh edərkən deyib ki, bu, müəyyən mənada "yarımtəsadüfi" səfər olub. Bununla belə, Tramp səfərdən "nəsə nəticə çıxa biləcəyini" istisna etməyib.
Retkliffin Moskvaya səfəri ABŞ və Rusiya arasında, xüsusilə, Ukraynadakı müharibənin sona çatdırılması ilə bağlı mümkün təmaslar fonunda baş verib.
MKİ-nin direktoru bundan əvvəl, təxminən beş il əvvəl - 2021-ci ilin noyabrında Moskvada olub. Həmin vaxt quruma rəhbərlik edən Uilyam Börns ABŞ-nin Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi qüvvələrini artırmasından narahatlığını çatdırmaq üçün Moskvaya səfər etmişdi.