"Moldovada silah qaçaqmalçılığı qalmaqalı fonunda müxtəlif dövlət qurumlarında bir sıra istefalar baş verəcək".
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Moldova parlamentin spikeri İqor Qrosu bildirib:
"İstefalar mütləq olacaq. Lakin kimlərin günahkar olub-olmadığını, qanunvericiliyə, prosedurlara və protokollara müdaxiləyə ehtiyac yaranıb-yaranmamasını müəyyən etmək üçün daha konkret addımlar atılmalıdır. İstefalar problemin bir hissəsidir, amma tam həlli deyil".
Ölkənin əksər müxalifət təşkilatları silah qaçaqmalçılığını araşdırmaq üçün parlament komissiyasının yaradılmasını və günahkarların müəyyən edilməsi üçün dinləmələrin keçirilməsini tələb edib. Moldovanın hakim Fəaliyyət və Həmrəylik Partiyası isə bu təşəbbüslərə müsbət yanaşmayıb.