Moldova hökuməti respublikanın iri şəhərləri üçün əsas içməli su mənbəyi olan Dnestr çayının yuxarı axarında səviyyənin aşağı düşməsi səbəbindən "həyəcan rejimi" tətbiq edib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, müvafiq qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib.
"30 gün müddətinə hidroloji təhlükə ilə əlaqədar "həyəcan rejimi" elan edilsin",- deyə hökumətin saytında dərc olunan qərarda bildirilib.
Moldova Respublikasının ətraf mühit naziri Georgi Hajder hökumətin iclasında bildirib ki, Dnestrin yuxarı hövzəsində su ilə bağlı problemlər barədə Moldovaya Ukrayna tərəfindən məlumat verib. Onun sözlərinə görə, Karpatlarda yağıntıların az olması səbəbindən Novodnestrovskdakı su anbarında suyun səviyyəsi minimuma enib. Yaranmış mürəkkəb situasiya anbarın texniki qurğularının xarab olma ehtimalını yüksəldir. Məhz bu səbəbdən hazırda rəsmi Kiyev və Kişinyov arasında Ukraynadakı texniki qəza təhlükəsi ilə Moldovadakı suqəbuledici məntəqələrdə suyun kritik səviyyədən aşağı düşməsi riski arasında optimal həll yolu tapmaq məqsədilə rəsmi müzakirələr aparılır.
Nazir əlavə edib ki, hazırda Novodnestrovsk anbarına suyun daxil olması saniyədə 30-40 kubmetr təşkil edir. Buna baxmayaraq, Moldova tərəfinin müraciəti əsasında suyun buraxılması saniyədə 100 kubmetr həcmində qorunub saxlanılır.
Ölkənin Baş naziri Vasile Tofan isə iclas zamanı vurğulayıb ki, qəbul edilmiş bu qərar əsasən qabaqlayıcı mahiyyət daşıyır, lakin eyni zamanda ehtiyac yaranarsa, böhranı idarə etmək üçün hökumətin lazımi mexanizmlərə malik olmasına kömək edəcək.
Yanacaq təchizatında yaranan fasilələr səbəbindən Moldova Nazirlər Kabineti enerji sektorunda 30 gün müddətinə "həyəcan vəziyyəti" tətbiq edib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, müvafiq qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib.
Ölkənin baş naziri Vasile Tofan enerji sektorunda ümummilli səviyyədə 30 günlük həyəcan rejiminin elan olunmasını təklif edib. Bu təşəbbüs hökumət nümayəndələri tərəfindən dəstəklənib və qərar "Rəsmi Xəbərnamə"də dərc edildikdən sonra qanuni qüvvəyə minəcək.