Moskva Akademik Satira Teatrının saxlanılan keçmiş direktoru Məmmədəli Ağayev dələduzluq işi üzrə 10 ilə qədər həbslə üzləşə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə vəkil Sergey Çerski məlumat verib.
Qeyd edək ki, sabiq teatr direktoru büdcə vəsaitlərinin mənimsənilməsində ittiham olunur. İstintaqın məlumatına görə, saxlanılan şəxs 20 milyon rubldan çox (təxminən 422 394 manat - red.) vəsaiti mənimsəyib. Onun əməlləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda dələduzluq) ilə tövsif edilib.
Moskvada (Rusiya) Mayakovskaya adına Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, mədəniyyət xadimi xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinir. Müstəntiqlərin fikrincə, Ağayev Moskva büdcəsinin vəsaitlərini mənimsəmək üçün sxem təşkil edib. Fərdi sahibkarları qeydiyyata alıb, teatrla saxta müqavilələr bağlayıb.
Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq.
Xatırladaq ki, Məmmədəli Ağayev 1992-2021-ci illərdə Moskva Akademik Satira Teatrına rəhbərlik edib. 2021-ci ildə öz xahişi ilə bu vəzifəni tərk edib.
Onun mədəniyyət və incəsənət sahəsində bir neçə mükafatı və titulları var.
Məmmədəli Ağayev Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (1995), Rusiya Federasiyasının Əməkdar artistidir (2018). 2020-ci ilin mart ayında Rusiya Prezidentinin Fəxri Fərmanı ilə təltif edilib.