Rusiyanın paytaxtı Moskvanın Kudininskaya meydanında yerləşən restoranda baş verən partlayışla bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinin (MAK) İnformasiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 1-də, saat 19:55-də (Bakı vaxtı ilə 20:55) restoranda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Komitənin məlumatına görə, partlayış nəticəsində üç nəfər həlak olub. Ölənlər restorana partlayıcı qurğu keçirməkdə şübhəli bilinən naməlum qadın, onun içəri daxil olmasına mane olmağa çalışan mühafizəçi və restoranın ziyarətçilərindən biridir.
İlkin məlumata əsasən, əldəqayırma partlayıcı qurğunu restorana məhz həlak olan qadının gətirdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma davam etdirilir.
Rusiyanın paytaxtı Moskvada Kudininskaya meydanında yerləşən kafenin yaxınlığında baş verən partlayış nəticəsində üç nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Moskva şəhər Daxili İşlər Baş İdarəsinə istinadən TASS agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə yerində polis əməkdaşları və digər operativ xidmətlər işləyirlər.
Moskva Daxili İşlər Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, partlayış yerli vaxtla saat 20:10-da (Bakı vaxtı ilə 21:10) kafenin yaxınlığında baş verib.
"Nəticədə üç nəfər həyatını itirib, 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda qeyd olunub.
Rusiyanın paytaxtı Moskvanın Kudininskaya meydanında yerləşən kafenin yaxınlığında partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində 20 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda hadisə yerinə operativ xidmətlərin əməkdaşları cəlb olunublar.
Partlayışın başvermə səbəbi və digər təfərrüat araşdırılır.