Son iki gündə miqrasiya böhranının episentrinə çevrilən Aralıq dənizi sahilində yerləşən İspaniyanın muxtar şəhəri Seutada vəziyyət tədricən sabitləşir.
Oxu.Az xəbər verir ki, bu barədə Hespress portalı "Bab-Sebta" sərhəd-keçid məntəqəsinə istinadən məlumat yayıb.
* Seutada miqrant axınına qarşı dənizdə yeni maneələr quraşdırılır
* Seutaya çatmağa çalışarkən həlak olan qanunsuz miqrantların sayı 67-yə çatıb
* Avropanın sərhəd təhlükəsizliyi sual altında: Seutada yaşananlar nədən xəbər verir? - FOTO
Məlumata görə, ərazinin zibildən təmizlənməsi, ictimai asayişin bərpası və nəqliyyatın normal hərəkətinin təmin olunması istiqamətində intensiv işlər aparılır. Son toqquşmalar zamanı miqrantlar tərəfindən yandırılan avtomobillərin qalıqları küçələrdən götürülür.
Bildirilib ki, Seutanı tərk edən qanunsuz miqrantların Mərakeşin Fnidek şəhərinə daşınması üçün sərhəd-keçid məntəqəsinə mikroavtobuslar cəlb olunub. Seuta ilə Fnidek arasında yerləşən magistral yolda da nəqliyyatın hər iki istiqamətdə hərəkəti bərpa edilib.
Bununla yanaşı, həm "Bab-Sebta" sərhəd-keçid məntəqəsində, həm də ətraf ərazilərdə gücləndirilmiş polis qüvvələri xidmət aparır. Hüquq-mühafizə orqanları daha əvvəl Seutaya daxil olmuş şəxslərin Mərakeşə qayıdışına nəzarət edir.
Portalın Mərakeş təhlükəsizlik orqanlarındakı mənbəsinə istinadən verdiyi məlumata görə, son günlər "Bab-Sebta" keçid məntəqəsində və Fnidek şəhərində polisə qarşı baş verən toqquşmalar zamanı 70-ə yaxın şəxs saxlanılıb. Hazırda onlar iğtişaşların təşkili və təxribatlarda iştirak etmələri ilə bağlı aparılan istintaq çərçivəsində həbsdə saxlanılır. Saxlanılanlara qəsdən adam öldürməyə cəhd, dövlət və özəl əmlakın qəsdən məhv edilməsi kimi ağır ittihamlar irəli sürülüb.
Qeyd edək ki, Seuta Afrikanın Aralıq dənizi sahilində yerləşən və Mərakeşlə həmsərhəd olan İspaniyanın muxtar şəhəridir. İyulun 30-31-də minlərlə miqrant üzərək və ya dalğaqıranın ətrafından keçərək şəhərə daxil olub.
Şəhər hakimiyyəti Seutaya təxminən 60 min, İspaniyanın Daxili İşlər Nazirliyi isə 50 min miqrantın daxil olduğunu açıqlayıb. EFE agentliyinin məlumatına görə, onlardan təxminən 49 500 nəfər sonradan Mərakeşə geri qaytarılıb. Bundan başqa, şəhərə çatmağa cəhd edən azı 67 nəfər həyatını itirib.