İspaniya polisinin ən böyük həmkarlar ittifaqı təşkilatı (JUPOL) qanunsuz miqrantlarla bağlı yaranmış vəziyyətə görə ölkənin daxili işlər naziri Fernando Qrande-Marlaskanın, polis orqanının direktoru Fransisko Pardo Pikerasın və hökumətin Seuta muxtar şəhərindəki nümayəndəsinin vəzifədən getməsini tələb edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı bəyanat həmkarlar ittifaqının "X" sosial şəbəkəsindəki hesabında dərc olunub.
Təşkilatdan bildirilib ki, immiqrasiya üzrə ixtisaslaşmış bölmələr gözlənilən hadisə barədə rəhbərliyi əvvəlcədən xəbərdar etsələr də Daxili İşlər Nazirliyi təhlükəsizliyin gücləndirilməsi istiqamətində heç bir addım atmayıb.
"Əvvəlcədən verilən xəbərdarlıqlara baxmayaraq, polis əməkdaşları və minlərlə vətəndaş təhlükə ilə üz-üzə qalıb", - deyə sənəddə vurğulanır. Həmçinin mediada milli polis rəhbərinin Mərakeş xüsusi xidmət orqanları ilə sıx əlaqələri barədə yayılan məlumatlar fonunda qurum rəhbərliyinə etimadsızlıq ifadə olunub.
"Siyasətçilər məsuliyyəti öz üzərinə götürməli və xəbərdarlıqlara rəğmən niyə polis əməkdaşlarının və Seuta əhalisinin qorunması üçün lazımi tədbirləri görmədiklərini izah etməlidirlər", - deyə həmkarlar ittifaqının bəyanatında qeyd edilib.
DİN rəhbərinin istefasını İspaniyanın əsas müxalifət qüvvəsi olan Xalq Partiyası da tələb edib.