Avropa İttifaqının (Aİ) 18 ölkəsinin daxili işlər nazirləri Münhendə Aİ-nin xarici sərhədlərində qeyri-qanuni miqrasiyanın kəskin artmasının qarşısını almaq üçün birgə fəaliyyət planını razılaşdırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, yeni Avropa böhran mexanizminin hazırlanmasının təşəbbüskarı Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt olub. Təcili tədbirlərin görülməsinə səbəb 2026-cı ilin iyul ayının sonunda İspaniyanın Seuta eksklavında baş vermiş genişmiqyaslı miqrasiya böhranı olub. Həmin vaxt Mərakeşdən Aİ ərazisinə eyni anda onminlərlə qeyri-qanuni miqrant daxil olub.
"Bayerischer Hof" hotelində keçirilən görüşdə razılaşdırılan plan üç əsas bənddən ibarətdir.
Birinci bənd Aİ üzrə vahid qaydaların tətbiqini nəzərdə tutur. Bu qaydalar Aİ-nin xarici sərhədlərində fors-major xarakterli miqrasiya təzyiqinin yarandığını aydın şəkildə müəyyən etməli və rəsmiləşdirməlidir.
İkinci bənd böhran vəziyyəti rəsmi olaraq tanındığı halda miqrantların mümkün qədər qısa müddətdə ölkədən çıxarılmasına imkan verən xüsusi mexanizmin işə salınmasını nəzərdə tutur. Üçüncü bənd isə Avropanın sərhədlərə nəzarət agentliyi "Frontex"in qüvvələrinin operativ şəkildə yerləşdirilməsini nəzərdə tutur.
"Frontex" çərçivəsində 24 saat ərzində köməyə ehtiyacı olan ölkəyə göndərilməyə hazır xüsusi çevik reaksiya bölməsinin yaradılması planlaşdırılır.
İspaniyanın Seutadakı yay miqrasiya böhranından zərər çəkməsinə baxmayaraq, ölkənin nümayəndələri danışıqlarda iştirak etməyiblər. Bundan əvvəl İspaniyanın daxili işlər və miqrasiya nazirləri də bu məsələ ilə bağlı Avropa Parlamentində keçirilən fövqəladə dinləmələrə qatılmayıblar.
Brüsseldə Madridin Aİ ölkələrinin sərhədlərinin qorunması üçün ümumavropa yardımına müraciət etməkdə son dərəcə könülsüz davranmasından ciddi narazılıq ifadə olunur.
Münhendə keçirilən görüşün və Aleksandr Dobrindtin "Frontex"in rolunun artırılması ilə bağlı təşəbbüslərinin digər mənbələrdə də təsdiqləndiyini qeyd etmək olar. BR24 görüşdə Dobrindtin 17 digər avropalı daxili işlər naziri ilə bir araya gəldiyini və Aİ-nin xarici sərhədlərində fövqəladə miqrasiya vəziyyətlərinə sürətli reaksiya mexanizminin müzakirə edildiyini yazır.