Rusiyalı müxalifətçi Boris Nemtsovun qətlində şübhəli bilinən iki şəxs onlara qarşı irəli sürülən ittihamla razı olmadıqlarını bildiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” ictimai müşahidəçilərlə birlikdə saxlanılan şəxslərin olduğu “Lefortovo” istintaq təcridxanasına baş çəkdikdən sonra yazıb
Qəzetin əməkdaşı Yeva Merkaçeva həbs olunmuş Zaur Dadayev və Qubaşov qardaşları ilə söhbət edib.
Dadayevin sözlərinə görə, o, barəsində həbs qətiimkan tədbirinin seçildiyi məhkəmədə günahsız olduğunu bəyan etməyi düşünürmüş.
Digər saxlanılan şəxs – Şahid Qurbanov da günahsız olduğunu bildirib: “Biz günahkar deyilik”, - deyə, o, vurğulayıb.
Öz növbəsində Anzor Qubaşov bəyan edib ki, saxlanılma şəraitindən narazı deyil, o, günahkar olub-olmaması barədə danışmayıb.
Bundan başqa, Dadayev və Şahid Qubaşov döyüldüklərini bildiriblər.
Qubaşovun sözlərinə görə, qardaşları Malqobekdə, martın 6-dan 7-nə keçən gecə saxlayıblar – Dadayevin saxlanılması barədə xəbər aldıqdan sonra onlar dərhal Çeçenistandan qonşu İnquşetiyaya gəliblər:
“Mən qardaşımla Çeçenistanda idim. O vaxt bizə zəng edib İnquşetiyada qohumumuz Zaur Dadayevin saxlanıldığını bildirdilər. Biz dərhal nə baş verdiyini öyrənmək üçün İnquşetiyaya yola düşdük. Əgər biz hansısa cinayəti törətmiş olsaydıq, heç gedərdik? Özünüz düşünün, axı bu ağlabatan deyil. Biz Malqobekə gələn kimi saxlanıldıq. Bu, martın 6-dan 7-nə keçən gecə idi. Gözümüz bağlı, başımızda kisə. Heç kim heç nə izah etmirdi.
Mən eşidirdim ki, qardaşımı necə döyürlər. Sonra bizi harasa apardılar. Orada kabinet var idi və orada da döyürdülər. Bilmirəm kim bizi döyürdü. Özlərini təqdim etmədilər. Lakin əvvəldən başa düşdüm ki, onlar narkonəzarətin əməkdaşlarıdır. Bir-birini Mixalıç və Petroviç adlandırırdılar. Sonra onlar Nemtsovu öldürdüyümüzü etiraf etməyimizi tələb etdilər. Sonra bizi yenə harasa apardılar. Belə başa düşdüm ki, təyyarədəyik, bütün vaxtı başımızda kisə var idi. Kisəni yalnız Moskvada çıxartdılar. Burada özümü təhlükəsiz hesab edirəm. Lakin xahiş edirəm, aydınlaşdırın – nə üçün bizi istintaq təcridxanasında döyürdülər? Biz günahsızıq...”.
Dadayev isə deyir ki, əli və ayağı qandallı, başında kisə iki gün keçirib.
“İki gün bu vəziyyətdə olmuşam, hələ başımda kisə də var idi. Mən onu saxlamışam. Şəxsi əşyalarımın içindədir, sarı rəngdə. Bütün vaxtı qışqırırdılar ki: “Nemtsovu sən öldürmüsən?”. Mən deyirdim ki, yox, mən öldürməmişəm. Saxlanılanda yoldaşım Ruslan Yusupovla idim. Və onlar dedilər ki, etiraf etsəm, Ruslanı buraxacaqlar. Razılaşdım. Düşündüm ki, onu xilas edəcəm, məni Moskvaya sağ çatdıracaqlar. Yoxsa Şavanovun başına gələnlər mənim də başıma gələrdi. Axı o, guya qumbara partladaraq özünü öldürüb...
Burda radio var. Dinləyirəm. Səhərdən axşamadan barəmizdə dəhşətli şeylər danışırlar. Düşünürdüm ki, Moskvaya gətirəcəklər, məhkəmədə bütün həqiqəti açıb deyəcəm, deyəcəm ki, günahsızam. Lakin hakim mənə ağzımı açmağa da imkan vermədi.
11 il cinayətkarlarla mübarizə aparmışam, Rusiyanın maraqlarını qorumuşam, burada isə Cinayət-Prosessual Məcəlləsini bilmədiyim üçün mənə söz vermirlər? Ədalət hanı? Niyə görə Rusiyaya qarşı olanları həbs etmirlər, onlardan yox məndən şübhələnirlər? Aldığım medalları neyləyim? İndi mən heç nədən qorxmuram. “Lefortovo”da mənimlə yaxşı davranırlar. Onlardan çox razıyam. Burada hələlik özümü təhlükəsiz hesab edirəm. Lakin kim mənim bu işə aidiyyatı olmadığımı sübut edəcək? Yeri gəlmişkən, mənimlə birlikdə Əli Mətiyev də olub. O təsdiqləyə bilərdi. Hardadır o?
Fevralın 28-də tərxis olunmağım barədə əmr çıxdı, və bir həftəyə qəhrəmandan təhlükəli cinayətkara çevrildim”, - deyə, o, bildirib.
Qeyd edək ki, Anzor Qubaşov və Zaur Dadayevin saxlanılması barədə martın 7-də Rusiya FTX-nın direktoru Aleksandr Bortnikov bildirmişdi. Daha sonra üç şübhəli – Qubayevin kiçik qardaşı Şahid, həmçinin Həmzət Baxayev və Tamerlan Əsgərxanov saxlanılıblar. Adları çəkilən şəxslər məhkəmənin qərarı ilə aprelin 28-dək həbsdə qalacaqlar.
İstintaqın məlumatına görə, Nemtsovu Dadayev vurub. Əvvəllər onun müxalifətçini islam haqqında fikirlərinə görə öldürdüyü deyilirdi.