Nepalda üç yaşlı qızın amansızlıqla öldürülməsinin ardınca ölkənin hər yerindən minlərlə vətəndaş etiraz aksiyalarına qoşulub. Madheş vilayətində itkin düşən azyaşlının üç günlük axtarışlarından sonra ötən həftə cansız bədəni tapılıb.
Oxu.Az RGRU-ya istinadən xəbər verir ki, etirazçılar "Qarima üçün ədalət" şüarı səsləndirərək, ağır cinayətlərlə bağlı qanunvericiliyin sərtləşdirilməsini tələb edirlər. Bununla yanaşı, onlar polis əməkdaşlarını səhlənkarlıqda qınayırlar.
Məlumata əsasən, azyaşlının qətli ilə bağlı aparılan istintaq çərçivəsində ümumilikdə doqquz şübhəli şəxs saxlanılıb.
Bildirilir ki, qızın ailə üzvləri artıq hökumət rəsmiləri ilə görüş keçiriblər. Rəhbərlik ağır cinayətlər üzrə hüquqi normalara yenidən baxmağa və həyatını itirən uşağın xatirəsinə abidə ucaltmağa razılıq verib.