"Nestle" şirkəti xərcləri azaltmaq üçün növbəti iki ildə 16 min işçini ixtisar etməyi planlaşdırır.
Oxu.Az-ın məlumatına görə, bu barədə məşhur şirkətin saytında dərc edilən press-relizdə bildirilir.
"Dünya dəyişir və "Nestle" daha da sürətlə dəyişməlidir. Bu, növbəti iki il ərzində işçi sayının azaldılması ilə bağlı çətin, lakin zəruri qərarların qəbul edilməsini nəzərdə tutur", - deyə şirkətin baş direktoru Filip Navratil bildirib.
Şirkət 2027-ci ilə qədər müxtəlif regionlarda müştərilərlə işləyən 12 min mütəxəssisi ixtisar edəcək ki, bu da Navratilin fikrincə, şirkətin illik təxminən 1 milyard frank (1.2 milyard dollar) qənaət etməsinə imkan verəcək. Həmçinin istehsal və təchizatın səmərəliliyini artırmaq üçün daha 4 min nəfər işdən çıxarılacaq.
"Nestle" qida məhsulları istehsalçısı olan İsveçrə korporasiyasıdır. Şirkət 1866-cı ildə təsis edilib. Korporasiyanın brendləri arasında "KitKat", "Maggi", "Nesquik" və "Nestea" kimi ticarət markaları var.