"Nestle" şirkəti Fransada uşaq qidalarında "sereulid" tərkibinə dair normanın dəyişməsi fonunda "Guigoz" körpə südünün partiyasını geri çağırmaq qərarını açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri məlumat verib.
Qeyd edildiyi kimi, "Nestle" şirkəti bəzi ölkələrdə geri çağırışa başlamazdan təxminən iki həftə əvvəl öz məhsullarında toksinin olması ehtimalından məlumatlı olub.
"Avropa və Fransa hakimiyyət orqanları bu yaxınlarda yeni elmi məlumatlara əsaslanaraq "sereulid" analiz metodlarında dəyişiklikləri elan ediblər. Bizim keyfiyyət standartımız sənayenin "sereulid" üçün ən sərt aşkarlama həddinə əsaslanır: biz körpə südümüzdə "sereulid"in tamamilə olmamasına çalışırıq. Bütün qərarlarımızın əsasını təşkil edən bu tələb bu gün bizi "Guigoz"un (körpə südünün - red.) yeganə partiyasının əlavə geri çağırılmasına sövq edir", - deyə şirkət bildirib.
Söhbət 0-6 aylıq körpələr üçün nəzərdə tutulan "Guigoz Optipro Relais 1" südündən gedir. Şirkət son istifadə tarixi 2027-ci ilin dekabr ayında olduğu 800 qramlıq paketlər həcmində partiyanı dövriyyədən çıxarmağı planlaşdırır. Eyni zamanda, "Nestle" vurğulayıb ki, geriçağırılma yalnız bu konkret partiyaya aiddir və "Guigoz" markasının digər məhsullarına şamil edilmir. Şirkət "Guigoz"un digər məhsullarının istehlak üçün təhlükəsiz olduğunu iddia edir.
Xatırladaq ki, bir müddət əvvəl Niderlandda "Nestle" şirkətinin istehsal etdiyi uşaq qidalarının istifadəsindən sonra azı dörd körpədə sağlamlıq vəziyyətinin pisləşməsi halı qeydə alınıb.
Həmçinin Fransada iki körpənin ölümündən sonra araşdırmalara başlanılıb və ölümlərin "Nestle" şirkəti tərəfindən istehsal olunan uşaq qidasından qaynaqlandığı ehtimal edilir, belə ki, hər iki halda uşaqlar "Guigoz" qidasını qəbul ediblər.
Lakin bununla bağlı araşdırmalar davam edir və ölüm halları ilə məhsul arasında birbaşa əlaqə hələ təsdiqlənməyib.