Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Netanyahu Makronu cahillikdə ittiham etdi
"Fransa prezidenti Emmanuel Makronun İsrailin BMT qərarı ilə yaradıldığı barədə sözləri tarixi cəhalət və hörmətsizlik əlaməti, həmçinin tarixin kədərli təhrifidir".
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Fransanın "Le Figaro" qəzetinə müsahibəsində bildirib.
"Bu, tarixi cəhalət və hörmətsizlik əlamətidir. BMT yəhudi xalqının dövlət hüququnu tanıyıb, lakin qətiyyən onu yaratmayıb", - deyə o qeyd edib.
Netanyahu xatırladıb ki, yəhudi xalqı artıq 3.5 min ildir ki, İsrail torpağına bağlıdır. Onun sözlərinə görə, müasir İsrail müstəqillik müharibəsinin cəsur döyüşçülərinin fədakarlığı sayəsində yaradılıb ki, onlar beş birləşmiş ərəb dövlətinin hücumuna qarşı durublar.
Qeyd edək ki, "Parisien" qəzeti Makronun Netanyahuya İsrailin BMT qərarı ilə yaradıldığını xatırlatdığı barədə yazmışdı. Bu baxımdan, Fransa prezidentinin sözlərinə görə, İsrail baş naziri BMT qərarlarını pozmamalıdır.
Oktyabrın əvvəlində Makron Netanyahuya telefon danışığında Livan və Qəzza bölgəsində atəşkəsin zəruriliyini bildirmişdi. Bununla yanaşı, siyasətçilər Yaxın Şərqdə baş verənlərə baxışlarda fikir ayrılıqlarının mövcudluğunu etiraf etmiş, lakin bir-biriləri üçün anlaşılan olmaq istədiklərini qeyd etmişdilər.