Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Heybi polis tərəfindən həbs edilib.
Bu barədə Oxu.Az "Bild" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, o, məhkəmə qadağasını pozduğu üçün saxlanılıb. Belə ki, məhkəmənin qərarına əsasən, onun avqustun 4-nə keçən gecə hücum etdiyi gənc qadına yaxınlaşması qadağan edilib.
"Polisə məlumat daxil olub ki, Heybi bir neçə dəfə zərərçəkən qadınla əlaqə saxlamağa cəhd edib. Bunun əsasında polis onun davranışından şikayət verib və cinayətin təkrarlanması riski ilə əlaqədar onun həbsi barədə qərar qəbul edilib", - deyə prokuror Andreas Kruşevski bildirib.
Heybinin vəkili Eyvind Bratlenin sözlərinə görə, müvəkkili, istintaqın iddia etdiyi kimi, sentyabrın 7-də gizli nömrədən istifadə edərək zərərçəkmişlə telefonla əlaqə saxladığı üçün həbs edilib.
"Müvəkkilim bunu inkar edir və özünü təqsirli bilmir", - deyə Bratlen əlavə edib.
Qeyd edək ki, Marius Borq Heybi ilk dəfə avqustun 4-də sevgilisinə hücum etdiyi və qadının mənzilini darmadağın etdiyi üçün barmaqlıqlar arxasına düşüb. Mənzildən yayımlanan fotolarda tavandan qoparılmış çilçıraq və divardan sallanan bıçaq əks olunub. Bundan dərhal sonra o saxlanılsa da, bir gün sonra sərbəst buraxılıb. Heybi sağlamlığa yüngül xəsarət yetirməkdə və əmlaka ziyan vurmaqda ittiham olunur.
"Mübahisədən sonra mən alkoqol və kokainin təsiri altında qadına hücum etdim və mənzildəki əşyaları darmadağın etdim", - deyə Heybi öz hərəkətlərini izah edib.
Rəylər