RF-nin neft hasilatının məhdudlaşdırılmasına dair mövqeyi dəyişməyib, ölkə hasilatı dondurmağa hazırdır, bu, 2017-ci ilin planı üzrə sutkada 200-300 min barel ixtisar deməkdir.
Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə RF-nin Energetika naziri Aleksandr Novak bildirib.
“Rusiyanın mövqeyi ardıcıldır, dəyişməyib. Biz, prezident də səsləndirdi, hasilatı əldə edilən səviyyədə dondurmağa hazırıq. Bizim üçün bu yetərincə mürəkkəb və sərt vəziyyətdir, bildiyiniz kimi plana müvafiq olaraq gələn il hasilatın artım ilidir. Buna görə də hazırki səviyyədə saxlayaraq, biz öz töhfəmizi veririk, bu isə 2017-ci ilin planı üzrə sutkada 200-300 min barel ixtisar deməkdir”, - Novakın sözlərini RİA “Novosti” sitat gətirib.
O, izah edib ki, məhdudiyyətlər cari yataqlarda həyata keçiriləcək.
Novak Azərbaycanın energetika naziri Natiq Əliyevin RF-nin neft hasilatını azaltmağa razılaşdığı barədə bəyanatını şərh etməkdə çətinlik çəkib.
“Bəlkə azərbaycanlı həmkarlarımız bunu nəzərdə tutublar? Biz plan mövqelərimizə görə hasilatı azaltmalı olacağıq. Nazirin nəyi nəzərdə tutduğunu şərh etmək mənim üçün çətindir”, - Novak deyib.
Energetika nazirinin sözlərinə görə, RF-də neft hasilatı noyabrın 1-dən 23-nə qədər gündəlik 11,2 milyon bareldən ibarət olub.
N.O.
www.oxu.az