Nevinnomıskda (Rusiyanın Stavropol vilayəti) R-217 “Qafqaz” federal yolunda qəza baş verib. Qəza nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. hadisə zamanı xarici markalı minik avtomobili qoşqulu yük avtomobilinə çırpılıb.
Oxu.Az Stavropol Yol müffəttişliyinə istinadən xəbər verir ki, qəza noyabrın 23-də axşam saatlarında Nevinnomısk şəhərində baş verib.
“Mazda” markalı avtomobili “Volvo” markalı qoşqulu yük avtomobilinə çırpılıb. Yük avtomobili nasazlıq səbəbi ilə yolun kənarında dayanıb, qəza işıqları yandırılmışdı. Avtomobilin 39 yaşlı sürücüsü nəqliyyat vasitəsini təmir etməyə hazırlaşırdı.
Hadisə nəticəsində iki nəfər –Azərbaycan vətəndaşı 28 yaşlı sərnişin, eləcə də digər sərnişin, kimliyi müəyyənləşdirilən qadın ölüb. “Mazda” avtomobilinin sürücüsü xəsarət almayıb.
Hazırda cinayət işinin qaldırılması məsələsi həll olunur, minik avtomobilinin sürücüsündən kimyəvi-toksikoloji təhlil üçün qan alınıb.
N.O.
www.oxu.az